Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Bu barədə FED.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.
"Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun. Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb. Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır", - məlumatda deyilir.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.
Ötən il Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 8 ədəd körpünün, 2 ədəd alt keçidin, 14 ədəd suötürücü boruların və 629 pm istinad divarlarının tikinti işləri tamamlanıb. Bu dəmir yolu xəttində 2 ədəd dəmir yolu tunellərin qazılması, 1 ədəd tunelin və 1 ədəd qalereyanın dəmir-beton işlərinin tamamlanması, 8,6 kilometr rels-şpal çərçivələrinin, 1,6 kilometr uzunölçülü relslərin və 6 ədəd yoldəyişən qurğunun quraşdırılması işləri yekunlaşıb.