“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamenti sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.
FED.az xəbər verir ki, bu barədə ADY-nin vətəndaşlara müraciətində bildirilir.
Qurum bəyan edib ki, Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən Azərbaycana gələn sərnişin qatarlarına bilet satışı həyata keçirilir.
Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45 gün, Kiyevdən Bakıya 30 gün, Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisindəhərəkət edən sərnişin qatarlarına 90 gün qalmış başlayır.