“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-nin mətbuat katibliyindən FED.az-a bildirilib ki, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27-30-da və yanvarın 1-4-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün dekabrın 28-31-də və yanvarın 1-5-də Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.
Belə ki, dekabrın 27-29–da və yanvarın 1-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək. Geriyə Tbilisidən sərnişin axını əsasən yanvarın 2-5-də gözlənilir.
Respublika daxilində sərnişin sıxlığının artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən yanvarın 4-ü də daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq. Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə dekabrın 31-də Bakıdan həmin marşrut üzrə əlavə bir reys təyin ediləcək. Saat 08:00-da Bakıdan yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Saat 16:00-da isə Gəncədən yola düşəcək və saat 19:45-də Bakıda olacaq.
Yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.