9 yanvar tarixinə olan məlumata əsasən, elektrik qatarlarının qrafikində ciddi gecikmə halları müşahidə olunmayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən FED.az-a verilən məlumata görə, yalnız Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən bir sərnişin qatarında gecikmə qeydə alınıb. Belə ki, Bakı- Pirşağı- Sumqayıt istiqamətinin 46-cı km-də kontakt şəbəkəsində baş vermiş texniki nasazlığa görə qatar əks istiqamətdə hərəkət edərək Sumqayıt şəhərinə çatıb. Bu da öz növbəsində qatarın Abşeron dairəvi dəmir yolu üzrə qrafikində cüzi gecikməyə səbəb olub.
Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.
Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir.