“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tarixində ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub.
FED.az xəbər verir ki, dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü uğurlu alınıb. Sınaq yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib.
Eləcə də bax: Bakı-Sumqayıt qatarı - İKİ GÜN İŞLƏMƏYƏCƏK
ADY-da bildirilib ki, dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək və son nəticədə yük və sərnişin daşınmasını yaxşılaşdıracaq.
Hazırda ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi hədəfləyir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 km kontakt şəbəkəsi yenidən qurulub.
Həmçinin Alstom şirkətindən 40 ədəd dəyişən cərəyanlı yük lokomotivi və 10 ədəd ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən sərnişin lokomotivi sifariş edilib. Onlardan 13 yük və 10 sərnişin lokomotivi artıq ölkəyə gətirilib.
Dəyişən cərəyanla işləyən lokomotivlərin beynəlxalq standartlara uyğun saxlanılması və texniki baxışına imkan yaratmaq məqsədi ilə Biləcəri və Gəncədə iki lokomotiv deposu tikilir.
Qeyd edək ki, dəyişən cərəyana keçid üzrə işlər çərçivəsində 2019-cu ilin oktyabr ayında Qazaxıstanın Nur-Sultan şəhərində təşkil edilmiş simulyator təlimini ADY-nin 23 nəfər maşinisti uğurla bitirərək sertifikat alıb.