“Azərbaycan Hava Yolları” QSC (AZAL) “iOS” (9.0 və daha yüksək versiyalar) və “Android” (5.0 və daha yüksək versiyalar) əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün mobil əlavəsini təqdim edib.
Eləcə də bax: AZAL-ın veb-saytının bəzi - FUNKSİYALARI İŞLƏMƏYƏCƏK
FED.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, istifadəçilər üçün rahat interfeysə malik mobil əlavə smartfon sahiblərinə kod-şerinq sazişi əsasında digər aviaşirkətlərlə birlikdə yerinə yetirilən uçuşlar da daxil olmaqla bütün istiqamətlər üzrə aviabiletləri əldə etməyə imkan verəcək.
Artıq aviabilet almış sərnişinlər bronu idarə edib, əlavə baqaj ala bilər, təyyarədə yemək və oturacaq seçib, həmçinin uçuşdan 24 saat əvvəl açılan onlayn qeydiyyatdan keçə bilərlər. “iPhone” istifadəçiləri minik talonunu “Apple Wallet” elektron cüzdanına əlavə edə biləcək.
Qeyd edək ki, hazırda “AZAL Miles” bonus proqramının üzvləri üçün mobil əlavə də mövcuddur. İstifadəçilərin rahatlığı üçün gələcəkdə hər iki əlavənin funksionallığının birləşdirilməsi planlaşdırılır.
Pulsuz AZAL mobil əlavəsini “App Store” və “Google Play” dən yükləmək mümkündür.