Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə karbon emissiyalarının kompensasiyası proqramında iştirak edərək səyahətlərini ekoloji cəhətdən daha məsuliyyətli etmək imkanı təqdim edir.
FED.az AZAL-a istinadən xəbər verir ki, bu könüllü təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə və aviasiyanın ətraf mühitə təsirini azaltmağa yönəlib.
Proqram çərçivəsində AZAL karbon emissiyalarının kompensasiyası sahəsində tanınmış lider şirkətlərdən biri olan “CarbonClick” ilə əməkdaşlıq edir.
Bu proqram vasitəsilə AZAL-ın hər bir sərnişini ekoloji layihələrə dəstək verməklə öz uçuşlarının ətraf mühitə təsirini azalda bilər. Kompensasiya prosesini aviabilet alarkən və ya alındıqdan sonra həyata keçirmək mümkündür.
Sərnişinlər bu linkə keçid edərək öz uçuşlarının karbon izini hesablaya və təşəbbüsdə iştirak edə bilərlər: https://azerbaijanairlines.carbon.click/.
İqlim dəyişikliyinin ciddiliyini nəzərə alaraq aviasiya sahəsi bu problemin həllinə töhfə vermək üçün addımlar atır. Karbon emissiyalarının kompensasiyası proqramı çərçivəsində AZAL-ın sərnişinləri “Gold Standard” və VCS kimi beynəlxalq təşkilatlar tərəfindən sertifikatlaşdırılmış layihələri dəstəkləyirlər. Bu layihələr karbon emissiyalarını azaltmağa və təmiz enerji mənbələrinin istifadəsini artırmağa kömək edir.
AZAL aviadaşımalar zamanı CO2 emissiyalarını azaltmaq məqsədilə ekoloji təşəbbüslərini daha da genişləndirməyi planlaşdırır.