Ölkənin əsas hava qovşağı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 2023-cü ildə rekord həddə yüksəlib - 5,85 milyondan çox sərnişinə xidmət göstərilib.
Bakı hava limanı 2023-cü ilin yekunlarını - AÇIQLADI
Heydər Əliyev Beynəlxalq Aeroportundan FED.az-a verilən məlumata görə, bu göstərici 4,4 milyon sərnişinin daşındığı 2022-ci ilin nəticəsindən 33% çoxdur. Sərnişin axınının pik həddi avqustun 13-də qeydə alınıb – 24 274 nəfər.
Məlumata görə, 2023-cü ildə Bakı aeroportunda beynəlxalq reyslərdə 5,13 milyon sərnişinə xidmət göstərilib. Bunun da 42,5%-i AZAL-ın, qalan 57,5%-i isə xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə milli aviadaşıyıcı beynəlxalq istiqamətlərdə 2,18 milyon sərnişin daşıyıb. Naxçıvan istiqamətində daşınan sərnişinlərin sayı isə 717 min nəfər təşkil edib ki, bu da 2022-ci ildəki 684 min sərnişinlə müqayisədə artım deməkdir. Bu marşrut üzrə sərnişin axınının pik həddi iyulda qeyd olunub, həmin ay 92 mindən çox sərnişinə xidmət göstərilib.
Bakı hava limanına uçuş həyata keçirən 18-i aşağıbüdcəli olmaqla, 41 aviaşirkətdən “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “Fly Dubai”, “Wizz Air Abu-Dhabi”, “Pegasus”, “Azimut”, “Air Arabia” və “Iraero” ən çox sərnişin daşıyıb. Ən populyar xarici istiqamətlər İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu-Dabi olub. Ümumilikdə, 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan 80-ə yaxın müxtəlif istiqamətə 49,3 mindən çox reys yerinə yetirilib.
“Bakı aeroportunda tranzit sərnişinlərin sayı da 2022-ci illə müqayisədə 142% artıb – 162 mindən çox sərnişinə xidmət göstərilib. Yeni xarici aviaşirkətlərin cəlb edilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və hava limanında aparılan infrastruktur işləri bütün sərnişinlər üçün daşımaların əlçatanlığını xeyli yaxşılaşdırıb”, - deyə Bakı hava limanın direktoru Teymur Həsənov vurğulayıb.
Sərnişin təcrübəsinin təkmilləşdirilməsi məqsədilə 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda bir sıra yeniliklər, o cümlədən nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parkinq üçün müxtəlif ödəniş üsullarını təmin edən innovativ xidmət, uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) tətbiq edilib.
Qeyd edək ki, hasabat ilində ölkənin regional hava limanlarında da sərnişindaşımada müsbət dinamika müşahidə olunub, Naxçıvan Beynəlxalq Aeroportunda 744 min, Gəncədə 218 min, Lənkəranda isə 16 mindən çox sərnişinə xidmət göstərilib.