Prezident İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək.
Bu barədə FED.az-a"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, milli aviadaşıyıcının təyyarələri ilə Tacikistana, eləcə də Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.
Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda isə Düşənbə şəhərinə həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycan "AstraZeneca" peyvəndini Özbəkistana (50 min doza) və Qırğızıstana (40 min doza) ötürüb.