“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir.
Eləcə də bax: “Naxçıvana təyyarə bileti tapılmır, məlum turizm şirkətlərinə gizli satırlar”
FED.az xəbər verir ki, "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.
Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq.
Naxçıvana və ya geri istiqamətdə reyslərə onlayn aviabilet alınarkən saytda həmçinin səyahət edən sərnişinin vətəndaşlığını seçmək üçün sahə göstərilir.
Xatırladaq ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün endirim nəzərdə tutulub. Belə ki, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.
Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə aviabiletlərin alınmasına dair təlimatla aşağıdakı aşağıdakı videoçarxda tanış ola bilərsiniz: