Bu gündən etibarən AZAL-ın saytından Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar. Şirkətdən FED.az-a verilən məlumata görə, AZAL-la “Pasha Travel” şirkəti ilə çarter proqramı çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.
Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək. Hər həftənin gümə axşamı baş tutacaq reyslərdə gediş dönüş qiyməti 965 manatdır. Biletin alınması vaxtından asılı olmayaraq qiymət dəyişmir.
Tivat — Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il bura çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf etmişdir, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.