İşğaldan azad olunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturu yenidən qurulacaq. Bu rayonlarda yük və sərnişin daşınması, avtomobil nəqliyyatı ilə xidmətləri bərpa ediləcək.
Eləcə də bax: Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
FED.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərimizdə nəqliyyat infrastrukturu da tamamilə dağıdılıb.
"Apardığımız təhlillər göstərir ki, 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki baza demək olar ki, məhv edilib".
22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1015 ədəd avtomobil talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri milyonlarla manat həcmindədir".
Nuridə Allahyarova bildirib ki, işğaldan azad edilən şəhər və rayonlarda yük daşınması, avtobus və taksi ilə sərnişin daşınması, rləcə də avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.
Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisya imkanlarının yaradacaq, eləcə də böyük layihələrin idarə edilməsində onlara təcrübə qazandıracaq.
Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədlərini hazırlanır.
Nuridə Allahyarova bildirib ki, işğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.
"Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək"-deyə. DANX rəsmisi bildirib