Bakının Babək prospektində avtobus zolaqlarının çəkilməsinin mebel mağazalarının fəaliyyətinə yaratdığı problemin həlli ilə bağlı layihə hazırlanır.
“Mağazaya girən kimi müştərilərə cərimə gəlir” - VİDEO
FED.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev məlumat verib.
O bildirib ki, AYNA əməkdaşları bu istiqamətdə mağaza sahibləri ilə görüşlər keçirib:
“Babək prospektində avtobus zolağı olmalıdır. O zolaq indi çəkilməyib. Lakin problemlər indi əmələ gəlib. Yəqin ki, bu, cərimələrə görədir. Əməkdaşlarımız həmin əraziyə gedib və görüşlər keçirib. Burda problemin həlli ilə bağlı iki seçim var. Hazırda bununla bağlı layihə hazırlanır. Orda elə zolaqlar var ki, eni 3,75-4 metrdir. Onları silib, parkovka yerləri yaratmaqla yenidən zolaq çəkmək olar. Bu, bir variantdır. Bir də orda bəzi səkilərin 5 metr eni var. Bunların hamısını ayrılıqda təhlil edirik. Orda bir qərarın tətbiqi mümkün deyil. Hər bir mağazanın qarşısına ayrıca baxırıq. Elə mağaza var ki, onun qarşısında 1,5 metr zolaq var. Amma harda yol imkan versə, yəni mühəndislərimiz desə ki, burda parkinq yaratmaq mümkündür, biz orda zolaqları dəyişdirməklə parkinq yaradacağıq. Burda yalnız 2-3 mağazada ciddi problem var. Mağazaların hər birinə fərdi yanaşma etməklə layihə hazırlanacaq və problemin böyük əksəriyyətini həll edəcəyik”.
Qeyd edək ki, son dövrlər mətbuatda Babək prospektində mebel mağazalarının bağlanması ilə bağlı xəbərlər yayılıb. Belə ki, prospektdə yerləşən mağazaların qarşısından avtobus zolağının keçməsi və avtomobillər üçün parkinq yerlərinin olmaması müştərilərin mağazaya gəlməsinə problem yaradır. Nəticədə ərazidəki mebel mağazalarının müştəri sayı əhəmiyyətli dərəcədə azalıb. Hətta yan-yana fəaliyyət göstərən 9 mağazadan 2-si müflis olaraq fəaliyyətini dayandırıb. (Apa)