Oktyabrın 1-dən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. İcazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 7 il müddətinə verilir. Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.
Sabahdan taksi sahəsində - YENİLİKLƏR BAŞLAYIR - DETALLAR
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən, müntəzəm daşımalarda, eləcə də taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərə uyğun olmalıdır.
Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla müntəzəm daşımalarda, eləcə də taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Nazirlik tərəfindən hazırlanan müvafiq tələblər hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma prosesindədir. Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi və müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinə AYNA tərəfindən buraxılış kartı veriləcək.
Taksi sifarişi operatoru fəaliyyətinə icazə, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi isə artıq elektron qaydada AYNA-ya müraciət edilməklə alınmalıdır. Bunun üçün AYNA tərəfindən “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. https://e-xidmet.ayna.gov.az/ linkə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçmək lazımdır. Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Müraciət edən şəxsə həmçinin dövlət rüsumunun Hökumət Ödəniş Portalı üzərindən ödənilməsi imkanı da təmin edilib. (Apa)