Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalardan bayram ərəfəsində və bayram günlərində 2 416 reys həyata keçirilib, 64 min 296 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Bu barədə FED.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, martın 18-26-da bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 150-dən çox avtobus buraxılıb, 240-dan artıq əlavə reys təşkil olunub.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Martın 18-dən 27-nə kimi 13 min 288 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.