Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən KOB evlərində avtomobil nəqliyyatı sahəsində sahibkarlıq subyektlərinə göstərilən xidmətlərə daha ikisi əlavə olunub.
AYNA-dan FED.az-a bildirilib ki, daşıyıcıların müraciətləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair “Xüsusi icazə” və “Buraxılış vərəqəsi” hazırlanır. Eləcə də sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsi məqsədilə “Taxoqraf kartları”nın sifariş verilərək ölkəyə gətirilməsi təmin edilir.
Adıçəkilən hazır sənədlərin daşıyıcılara verilməsi prosesinin daha operativ və rahat şəkildə həyata keçirilməsi məqsədilə hazırda AYNA tərəfindən “Bakı KOB evi”ndə göstərilən xidmətlərin siyahısına “Taxoqraf kartları”nın verilməsi” və “İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair “Xüsusi icazə”nin və “Buraxılış vərəqəsi”nin verilməsi” xidmətləri də əlavə edilib.
Qeyd edək ki, bu ilin yanvar ayından etibarən AYNA tərəfindən göstərilən bir sıra xidmətlər “Bakı KOB evi”ndə təşkil edilir.