2023-cü il 1 may saat 06:00-dək Azərbaycan ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxışın dayandırılması barədə qadağa qüvvədə qalır.
Sabahdan bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına - İCAZƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bu gün Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar qəbul edib. Qərar ilə, "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.1-ci yarımbəndində “və hava nəqliyyatı ilə” sözləri “nəqliyyatla” sözü ilə əvəz edilib.
Beləliklə, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə qalır. Bugünədək, yerüstü nəqliyyat ilə bərabər hava nəqliyyatı ilə də ölkə ərazisinə giriş-çıxış dayandırılmışdı. 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişçıxışına icazə verilir.
Həmçinin aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
- xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.