Müntəzəm marşrutlar üzrə avtobusların sərnişin tələbatına uyğun tənzimlənməsi barədə verilən tapşırıqların icrasına nəzarət məqsədi ilə “Xaliq Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “Ayşən LTD” MMC, “Azlənd Plaza” MMC, “GrandBus” MMC, “Fidan” MMC“ və General Auto Company” firmasının istehsalat bazalarına baxış keçirilib.
Eləcə də bax: «Qəsdən avtobusların sayını azaldırlar» - BNA POLİSƏ MÜRACİƏT EDƏCƏK
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, baxış zamanı saz vəziyyətdə olan avtobusların saxlanılaraq xətlərə buraxılmaması halları müşahidə edilib. Adı çəkilən daşıyıcılar müvəqqəti istismarlarında olan bəzi marşrutlar üzrə müəyyən olunan saydan az avtobus çıxararaq süni sərnişin sıxlığının yaranmasına səbəb olublar.
Mövcud pandemiya şəraitində karantin rejimi qaydalarının pozulması ilə nəticələnən hərəkətlərə yol verən həmin daşıyıcılar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Toplanan materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim olunacaq.
Bildiririk ki, nəzarət tədbirləri davamlı olaraq aparılacaq, xüsusi ilə mövcud pandemiya şəraitində vətəndaşlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etməyən daşıyıcılara qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.