2024-cü ilin sonunda Azərbaycanda avtobusların ümumi sayı 32 min 107 ədədə çatıb ki, bu da ötən illə müqayisədə 647 ədəd və ya 2,1% artım deməkdir.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Rəqəmlər avtobus parkında "qocalma" prosesinin sürətləndiyini göstərir.
Ən kəskin artım yaşı 5 ildən 10 ilə qədər olan avtobusların sayında qeydə alınıb. Belə ki, bu avtobusların sayı il ərzində 156 ədəd (8,3%) artaraq 1 890-dan 2 min 046-ya yüksəlib.
Bununla yanaşı, ölkənin avtobus parkının əsas hissəsini təşkil edən köhnə avtobusların sayı da artmaqda davam edir. Yaşı 20 ildən yuxarı olan avtobuslar 270 ədəd (1,4%) artaraq 20 min 128-ə çatıb və bu, ən böyük say olaraq qalır. Eyni zamanda, yaşı 10 ildən 20 ilədək olan avtobusların sayı da 8 min 341-ə bərabər olub ki, bu da illik 196 ədəd (2,4%) çoxdur.
Ən yeni, yaşı 5 ilə qədər olan avtobusların sayında da artım var. Bu kateqoriyadakı avtobusların sayı il ərzində 25 ədəd (1,6%) artaraq 1 min 567-dən 1 min 592-yə yüksəlib.