Xəbər verildiyi kimi, Azərbaycanda növbəti dəfə şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
FED.az xəbər verir ki, müsabiqəni keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şərtlərinə əsasən marşrut avtobusları üzrə müsabiqədə iştirak edən şirkətər və şəxslər burada istifadə olunacaq əsas avtobuslarla yanaşı, ehtiyat avtobuslarını da təqdim etməlidirlər.
Şərtlərə əsasən, 3 marşrut üzrə böyüktutumlu avtobuslar təqdim olunmalıdır. Bunlar Bakı-Sınıq Körpü, Bakı-Zaqatala və Bakı-Xankəndi-Laçın marşrutlarıdır.
Şəhərlərarası və şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır - SİYAHI
Lənkəran-Sumqayıt marşrutunda orta və böyük tutumlu avtobuslar istifadə edilməlidir. Digər marşrutlarda isə kiçik və ortatutumlu avtobuslar istifadə olunmalıdır.
Qeyd edək ki, müsabiqəyə çıxarılan marşrutların sayı 20 olsa da, marşrutlar müsabiqəyə lotlarla təqdim olunacaq. Yəni iştirakçılar bir deyil bir neçə marşrutu götürməli olacaqlar.
Bunlar aşağıdakılardır:
İddiaçıların təkliflərinə komissiya tərəfindən - Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba istiqamətlərində 6 Lot üzrə avqustun 26-da – bu lot üzrə 15 avtobusun olması tələb ediləcək.
Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə avqustun 29-da – bu lot üzrə ümumilikdə 14 avtobusun olması tələb ediləcək.
Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal) istiqamətlərində 5 Lot üzrə sentyabrın 2-də - bu lot üzrə 16 avtobusun olması tələb ediləcək.
Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157 nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi)-Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətlərində 5 Lot üzrə sentyabrın 5-də baxılacaq – bu lot üzrə 24 avtobusun olması tələb ediləcək.
Sənədlər 09 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.