“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin idarə heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib.
Eləcə də bax: Qəbələyə dəmir yolu çəkilir – ALMANLAR CƏLB EDİLİB
FED.az xəbər verir ki, QSC-nin mətbuat katibliyindən bildirilib ki, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi iştirakçı dövlətlərlə yanaşı, bu layihələrin imkanlarından istifadə etmək istəyən digər ölkələrin inkişafında da əhəmiyyətli rol oynayacaq.
Sonra “Rail Cargo Group” şirkətinin “Şərq-Qərb” istiqaməti üzrə yükdaşımaları üçün Azərbaycan üzərindən Asiya bazarlarına və geriyə çıxışın əldə edilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olunub.
Şirkətin idarə heyətinin üzvü T.Karql bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi bu əlaqələrin intensivləşdirilməsində, infrastruktur layihələrinin icrasında iştirak etməyə maraqlıdır.
Görüşdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər.