Ötən il peşəkarlıq səriştəsi üzrə 2600-dən, rəqəmsal taxoqraf üzrə isə 1500-dən çox şəxsə təlim keçirilib.
Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtomobilləri - Taxoqrafla Təchiz Edəcəklər
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Qurum sədri insan həyatını yaxşılaşdıran, ölkə iqtisadiyyatına töhfə verən, təhlükəsiz, səmərəli və ekoloji cəhətdən dayanıqlı yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etmək kimi missiyanı rəhbər tutan AYNA-nın builki hədəflərini də açıqlayıb.
“Əsas hədəflər arasında AYNA İnformasiya Sisteminin yeni komponentlərinin istifadəyə verilməsi, ictimai nəqliyyatın transformasiyası üzrə konsepsiyanın hazırlanması, beynəlxalq avtomobil daşımalarına buraxılış qaydalarının tətbiqi, beynəlxalq daşımaları yerinə yetirən sürücü və daşıyıcılara 4000-dən çox taxoqraf kartının verilməsi var. “biletim.az” portalı üzərindən müntəzəm avtobus marşrutları üzrə onlayn satılan biletlərin xüsusi çəkisinin artırılması, şəhərlərarası daşımalarda ən azı 100 lot üzrə müsabiqənin keçirilməsi və şəhərdaxili (rayondaxili) müsabiqənin başlanılması, avtovağzal (avtostansiya) olmayan məntəqələrdə avtokassaların yaradılması, avtovağzal sisteminin fəaliyyətinin davamlı təkmilləşdirilməsi 2023-cü ilin prioritetləri və məqsədləri sırasındadır”, - deyə Anar Rzayev vurğulayıb. (Apa)