İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməli olduğu hallar müəyyənləşib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:
mühafizə avtomobili ilə:
- nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;
mühafizə və müşayiət avtomobili ilə:
- nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;
- hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunda nəzərdə tutulmuş (Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi, onların hərəkətinə icazənin verilməsi qaydası və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir) qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda;
- daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə yuxarıda nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.