Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şabran rayonunda 4 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-dən ayrılan Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmirinə start verib.
FED.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, 11,5 km uzunluğunda yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.
Hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur.
Layihə üzrə yolun “Xan arxı” kanalı üzərində körpünün cari təmiri də nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.