"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi (İB) olaraq bu gün “R Group Azerbaijan” MMC-yə məxsus ağırtonnajlı yük maşınlarının Bakının Heydər Əliyev prospektində törətdiyi təxribat xarakterli hərəkətləri pisləyirik".
Eləcə də bax: Nazirlikdən Bakıda yolu bağlayan TIR sürücüləri ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
“Bu hərəkəti işgüzar nüfuzumuza xələl gətirən addım hesab edirik. “R Group Azerbaijan”ın təmsilçisi olan Cəfərov Rəmiş Zəkrəm oğlunun dövlət orqanının işinə qeyri-qanuni maneələr yaratması ilk belə hal deyil. Şirkət beynləxalq yükdaşımalarla məşğul oduğu dövrdə dəfələrlə beynəlxalq daşıma qaydalarını pozub, onun qanunsuz hərəkətləri ilə bağlı xarici ölkələrin aidiyyəti qurumlarından Azərbaycana çoxsaylı şikayət və cərimələr daxil olub.
ABADA-nın bu sahədə çalışan bütün şirkət və sürücülərin hüquqlarının qorunması, onların qarşılaşdığı problemlərin həllində vasitəçi olmaqdır. Eyni zamanda İB Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsinin inkişafı üçün xidmətlər göstərir: “R Group Azerbaijan”ın sadalanan hüquqazidd əməlləri ilə bağlı ABADA-nın idarə heyəti iradlar bildirilib, MMC rəhbərliyi ilə dəfələrlə profilaktik söhbətlər aparılıb, problem və qayğıları ilə maraqlanmışıq. Bütün bunlara baxmayaraq, şirkətin isitfadəsində olan nəqliyyat vasitələri ilə bir neçə dəfə oxşar əməllərə cəhd edilib. Ona ictimai asayişi pozduğu, dövlət orqanının normal iş fəaliyyətinə çətinliklər yaratdığı üçün bir neçə dəfə inzibati formada xəbərdarlıq edilib.
Törətdiyi hüquqazidd hərəkətlərə görə, onun barəsində görülən inzibati təmbeh tədbirlərinə məhəl qoymayan R.Cəfərov əməllərinə yenidən davam edib. Bu ilin yanvar məhkəmənin qərarı ilə onun barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.
Adı çəkilən şirkət və onun rəsmisinin “İcazə” blankları ilə bağlı ittihamları isə əsassızdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABADA arasında imzalanan memordandumdan irəli gələrək avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın bölgüsü ABADA-nın nəzdində xüsusi komissiya icra edir. Atılan bu addımın əsas məqsəd şəffaf və ədalətli bölgünün aparılması, bazarda rəqabətli mühitin yaradımasıdır. İctimai iştirakçılıq haqqında qanunun tələblərinə uyğun olaraq bu memorandumdan irəli gələn bütün addımlar atılıb.
Daşıyıcılar-sahibkarlar arasında bölgü prosesinin icrası zamanı dövlət qurumunun nəzarəti ilə yanaşı, daşıyıcıların və müstəqil ekspertin də prosesə nəzarət və müdaxilə səlahiyyəti var. Bu qərar dövlət qurumunun lokal heyəti ilə icra edilmir. Dövlət ilə sahibkarların bir-birini yaxından anlamaları, problemlərin həllində birgə iştirak, təşəbbüslərin və təkliflərin ötürülməsində birbaşa kommunikasiyanın qurulması baxımından bu memorandum digər əməkdaşlıq sahələri üçün də baza rolunu oynayır.
Sadalanan faktlara əsaslanaraq, “R Group Azerbaijan” ABADA-nın Nizamnaməsini kobud şəkildə pozmasına, İB-nin işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsinə, yalan məlumatlar yayılmasına görə 10 yanvar 2022-ci il tarixində şirkətinizamnamənin tələbləri əsasında ABADA üzvlüyündən çıxarılıb", - deyə qurum bəyan edib.
ABADA könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti ölkənin bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir. Assosiasiya 1993-cü ilin noyabr ayından Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ölkə ərazisində “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük Konvensiyası üzrə təminat orqanı kimi müəyyən edilib. İB avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik yeganə assosiasiyasıdır.