Bura Azərbaycan üzrə yükdaşımaların “şah damarı”dır. Gün ərzində stansiyaya 30-40 qatar daxil olur və çeşidlənir. Stansiya gündəlik 60 qatar qəbul etmək potensialına malikdir.
ADY: Azərbaycanda yük daşımalarının həcmi 54 mln. tona çatdırıla bilər
Əməkdaşlarımız Azərbaycanın ən böyük çeşidləmə stansiyası olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasında, yük çeşidləmə parkında olublar.
Ölkə üzrə yükdaşımaların böyük bir hissəsi dəmiryolunun payına düşür. İstər xarici, istərsə də yerli yüklərin ünvanı üzrə çeşidlənməsi məhz Biləcəri stansiyasında həyata keçirilir.
Qarabağımızda Ermənistan silahlı qüvvələrinin 30 illik işğalına son qoyuldu və Zəngəzur dəhlizinin inşası ilə Azərbaycan daha bir cəlbedici nəqliyyat dəhlizi vasitəsilə yükdaşıma potensialını artıracaq.
ADY Zəngəzur dəhlizinin ən vacib hissəsi olan ox üzrə uzunluğu 110,4 km təşkil edən Horadiz-Ağbənd dəmiryol xəttini müasir standartlara uyğun olaraq yenidən inşa edir. Dəmiryol xəttinin layihələndirilməsi 80 faiz yerinə yetirilib, tikinti üzrə tərəqqi isə 40 faiz təşkil edir.
Hazırda Biləcəri stansiyası bir-birinə paralel yerləşən üç parkdan - Şimal (12 yol), Cənub (doqquz yol) və Çeşidləmə parkından (31 yol) ibarətdir. Ümumilikdə stansiyanın 52 yolu var.
FED.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova üç parkdan ibarət stansiyanı gəzən zaman bildirdi ki, ADY Zəngəzur, Qarabağ və Sumqayıt-Yalama dəmiryollarının inşası kimi böyük infrastruktur layihələrlə yanaşı, Bakı və şəhərətrafı istiqamətlərdə istismar müddətini başa vurmuş dəmiryol xətlərində təmirə başlayıb:
“Bu ilin sonuna kimi Bakı və Abşeron şəhərətrafında dəmiryollarında təmir-bərpa işləri davam etdiriləcək. Ən önəmli addımlardan biri Biləcəri vaqon çeşidləmə məntəqəsinin yenidən qurulmasıdır. Hazırda Biləcəri stansiyasının Şimal dartı qolunda və Abşeron istiqamətindən daxil olan qəbuledici yolda əsaslı təmir işləri yekunlaşıb.
Eyni zamanda, Keşlə stansiyasında əsas yollar qədər əhəmiyyət kəsb edən 4-cü və 5-ci yan yollar əsaslı təmir olunub. Paralel olaraq Böyük Şor, Yeni Suraxanı-Hövsan, Əhmədli-Yeni Neft Emalı Zavodu mənzillərində, Sumqayıt stansiyasında yan yollar, Tağıyev stansiyasında çeşidlənmə və qəbul-göndərmə yolları da əsaslı təmir olunur. Bu yollarla, əsasən, neft və neft məhsulları daşınır”.
Biləcəri stansiyası həm də Qafqazın ən böyük çeşidləmə və lokomotiv deposudur.
1900-cü ildə Biləcəridən birbaşa Dərbəndə qədər çəkilən 231 kilometrlik dəmiryol xətti ilə ilkin olaraq sutkada dörd qatar hərəkətə buraxılıb və sonrakı illərdə bu iş artan xətt üzrə davam etdirilib. 1941-45-ci illər dövründə Biləcəri stansiyasında yolların ümumi sayı 48-ə çatdırılıb və bununla da həm şimal, həm də qərb istiqamətinə qatarların göndərilməsinə geniş şərait yaradılıb.
Nəhayət, 1952-ci ildə stansiyanın elektrikləşdirilməsinə uyğun olaraq, yolların sayı 52-yə çatdırılmaqla, 1965-ci ildə stansiyada yoldəyişənlərin elektrik mərkəzləşdirilməsinə keçirilməsi ilə əl əməyinin yüngülləşməsi və işin vahid mərkəzdən idarə edilməsi mümkün olub.
S.Nəzərova deyir ki, şimal, şərq və qərb istiqamətlərindən yük qatarları çeşidlənmək üçün stansiyaya daxil olur:
“Gündəlik olaraq Biləcəri dəmiryol stansiyasına 30-40 qatar qəbul olunur və təyinatı üzrə göndərilir. Stansiyaya daxil olan vaqonların çeşidlənməsi dispetçer məntəqəsində həyata keçirilir. Həmin məntəqədə qatarların təyinatı isə texniki nəzarət məntəqəsinin işçiləri sənədləri yoxladıqdan sonra müəyyən edilir.
Növbənin rəhbəri olan dispetçerin göstərişindən sonra çeşidləmə növbətçisi qatarın vaqonlarını aidiyyəti üzrə bölməyə başlayır. Dəmiryol nəqliyyatı fasiləsiz - 24/7 fəaliyyət göstərir. İşçilər növbəli və gündəlik iş qrafiki ilə çalışırlar”.
Dəmiryolçular arasında belə bir deyim də var: “Sənin səhv etmək ixtiyarın yoxdur”.
Hər hansı ehtiyatsızlıq daşınan yükün yanlış mənzilə göndərilməsinə, təhlükəsiz çatdırılmaması və müştərilərin itirilməsinə səbəb ola bilər. Stansiyada müvafiq çeşidləməni həyata keçirmək üçün isə xüsusi “təpəciy”ə xətt çəkilib və burada vaqonların bölünməsi işi həyata keçirilir.
Burada ayrılan vaqonların sürətini isə ilk olaraq avtomatlaşdırılmış xüsusi əyləc sistemi tənzimləyir. Stansiyaya çeşidlənmək üçün göndərilən qatarlar “təpə” dartı yollarına çəkilərək çeşidlənir və daha sonra göndərmə parkına yola salınır.
Çeşidləmə parkının yollarının hər birində “başmaq”lar quraşdırılıb. İşçilər yola düzülmüş “başmaq”lar ilə təpədən çeşidlənən vaqonların hərəkətinin tənzimlənməsini və tormozlanmasını həyata keçirirlər.
Başmağın çəkisi isə yeddi kiloqrama yaxındır.
Şimal-Cənub, Şimal-Qərb beynəlxalq nəqliyyat marşrutları üzrə, həmçinin, idxal, ixrac rejimlərində daşınan yüklər Biləcəri stansiyasına daxil olaraq düzgün çeşidlənir və təyinatları üzrə vaxtında yola salınır.
Stansiya ərazisindəki körpüdən keçən şəxslər üçün “Siqaret çəkmək qadağandır” lövhəsi qoyulub. Çünki hər hansı bir qığılcım burada böyük təhlükəyə səbəb olacaq.
Qafqaz ölkələri arasında ən böyük və məhsuldar çeşidləmə stansiyası yüklərin təyinatı üzrə çeşidlənməsini və göndərilməsini bu günə kimi yüksək dəqiqliklə yerinə yetirir. (Oxu.az)