4 noyabr 2022-ci il tarixində Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.
Eləcə də bax: “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” - YARADILIB
FED.az xəbər verir ki, imzalanma mərasimindən sonra Şuranın ilk iclası keçirilib. İclas zamanı, Şuranın əsas prinsipləri, iş dili, prezidentin və vitse-prezidentin seçilməsi, icra ofisinin təşkili, icraçı katibin təyini və digər məsələlər müzakirə olunmuşdur. Həmçinin, iclasda Şuranın prezidenti olaraq Türkiyə Banklar Birliyi idarə heyətinin sədri, Ziraat Bankın baş icraçı direktoru və idarə heyətinin üzvü Alpaslan Çakar, vitse-prezidenti Azərbaycan Banklar Asossiasiyasının prezidenti Zakir Nuriyev seçilmiş, icraçı katibi olaraq isə Türkiyə Banklar Birliyinin baş katibi Ekrem Keskin təyin edilmişdir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.