Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibindəki Turizm və xidmət üzrə iş komissiyasının iclası keçirilib.
Eləcə də bax: Sentyabrın 10-dan sahibkarlara - YENİ YARDIMLAR VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə ASK-dan məlumat verilib.
Məlumata görə, iclas turizm sənayesi nümayəndələrinin problemli kreditlərinin həlli yolları və dövlətin dəstək mexanizmləri, “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarın müzakirəsinə həsr olunub. İclasda ASK-nın vitse-prezidenti, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev, eləcə də digər vitse-prezidentlər Jalə Hacıyeva və Vüqar Zeynalov, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələri iştirak ediblər.
İclası komissiyanın sədri Ruslan Quliyev açaraq, sahibkarlardan daxil olan məktublar və sorğularla bağlı təkliflər hazırlanmasında bu müzakirələrin müsbət rolu olacağını bildirib. Turizm sektorundakı mövcud vəziyyət və pandemiya ilə əlaqədar qeyri-müəyyənliklərin davam etməsinə toxunan R.Quliyev dövlət-özəl dialoqu nəticəsində çətinliklərin öhdəsindən birgə gələcəyimizi vurğulayıb.
Z.Nuriyev isə bildirib ki, pandemiyanın iqtisadiyyata təsirləri ilə bağlı mart ayından başlayaraq bir sıra qərarlar qəbul edilib və yaradılmış komissiyalardan biri də Azərbaycan Mərkəzi Bankının (AMB) nəzdində fəaliyyət göstərir. “Konfederasiyanın prezidenti Məmməd Musayevin imzası ilə AMB-yə pandemiyadan zərər çəkən sahə olaraq turizm sektorundakı biznes sahələrinə yardımın göstərilməsilə əlaqədar müraciət edilib. Qurum bu məsələni müzakirə edərək, İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə əlavə müraciətlər edilməsini tövsiyə edib. Eyni zamanda, bağlanmış banklarda qalmış sahibkarların aktivlərin reallaşdırılması ilə bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) müraciət edilərək banklarda vəsaiti qalmış təşkilatların həmin aktivlərinin çıxarılması yollarının onlarla müzakirə edilməsi tövsiyə olunub”, – deyən Z.Nuriyev hazırda banklar tərəfindən mövcud kreditlərin sentyabrın 30-na qədər restrukturizasiya edildiyini vurğulayıb.
J.Hacıyeva isə bank və bank olmayan kredit təşkilatlarındakı problemli kreditlərlə bağlı sahibkarların kuratorları ilə məsləhətləşmələr aparmasını təklif edib.
Sonra sahibkarlar 1 illik kredit tətillərinin verilməsi və digər dəstək mexanizmləri, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na dəyişikliklərlə bağlı təkliflərini veriblər.
“DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi 15 müddəada (artıq 2 müddəa ləğv edilmişdir) çətin tətbiq edilən qaydaların müəyyən edildiyini deyərək, bununla bağlı ekspertlərin iştirakı ilə yeni qaydaların hazırlanmasını xahiş edib.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Aytən Əlizamanlı “Sahman” proqramının turizm şirkətlərində tətbiqinə dair məlumat verərək, qaydaların təkmilləşdirilməsinin mümkün olduğunu bildirdi.
Görüşün sonunda V.Zeynalov dövlət-özəl əməkdaşlığı platfotrmasından istifadə edərək çətinliklərin həllinə birgə nail olunacağını vurğulayıb. Onun təklifi ilə sahibkarların banklardakı problemli kreditləri ilə bağlı statistikanı formalaşdırmaq qərara alınıb ki, bununla bağlı mövcud mənzərə tam formalaşdırılsın.
R.Quliyev iclasın iştirakçılarına təşəkkür edərək, ASK-nın yeni təkliflər paketini formalaşdıraraq, hökumətə müraciət edəcəyini söyləyib.