Azərbaycanda nəzarətinin əhatə dairəsi sürətlə genişlənən Maliyyə Nazirliyi bundan sonra daha bir qurumda təmsil olunacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət Baş Dövlət Yol Polisi idarəsindən gedir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə əlaqədar olaraq prezident İlham Əliyev iyulun 6-da bəzi bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Söhbət dövlət başçısının “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı, “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanı, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”, “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”, “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklərdən gedir.
Dəyişikliklərin əsas məğzi inzibati xətaların qeydə alınması, onlar barədə fakt və təsdiqlənmiş sübutların, o cümləldən elektron məlumatların mərkəzləşmiş sistemə yüklənməsi və qarşı tərəfin məlumatlandırılmasına aiddir.
Bununla yanaşı, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişikliklər daha maraq doğurur.
Belə ki, əsasnamədə 6.1-ci bəndə (bu bənddə elektron sistemdə hansı funksiyaların olduğu göstərilir) edilən dəyişikliyə əsasən avtomobil sahibinin inzibati pozuntusu olduğu halda, ona foto, video, inzibati tənbeh vermə haqqında elektron qərarla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsi nəzərə alınmaqla, inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın) surəti də əlavə ediləcək.
Əsasnamədə 6.1-ci bəndə yeni əlavə edilən 6.1.13-1-ci yarımbəndə əsasən bütün bu məlumatlar paralel olaraq Maliyyə Nazirliyinə, daha dəqiqi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə də göndəriləcək.
Yeni əlavə olunmuş bənddə deyilir ki - inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar, habelə həmin Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq, informasiya sistemlərində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın və bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsisteminə ötürülməlidir.
Başqa sözlə, Maliyyə Nazirliyi bu inzibati pozuntu və protokola görə ödəniləcək məbləği, ödənişdən sonra deyil, artıq cərimə yazılan kimi «görəcək».
Daha bir maraqlı dəyişiklik 6.1.15 yarımbəndinə aiddir. Bu yarımbənd, potuntu barədə sübutların “ASAN ödəniş” informasiya sisteminə göndərilməsi prosesini tənzimləyir.
Həmin yarımbəndə edilən dəyişikliyə əsasən, burada göndərilən məlumatların arasına – yol polisinin avtomobilində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar da əlavə edilir. Bundan başqa, yeniliyə əsasən, göndərilən məlumatların sırasına - əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar barədə məlumatlar – da əlavə edilib.
Nəhayət, Əsasnaməyə əlavə – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin fəaliyyətində iştirak edən dövlət orqanlarının Siyahısı”na Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də əlavə edilib.














