Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin iyunun 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əlavə edilməsi təklif edilən 22.0.40-cı maddəyə əsasən, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək. Eyni zamanda layihəyə əlavə edilən yeni 22.0.41-ci maddədə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödənilməsi təklif edilir.