Yaponiyanın Milli Çap Bürosu milil valyutanın çapı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirlər.
FED.az xəbər verir ki, bir neçə gün əvvəl Mərkəzi Bankda Yaponiya təşkilatı ilə görüş keçirilib.
AMB-nin sədr müavini Gülər Paşayeva Yaponiya Milli Çap Bürosunun Əsginasların istehsalı departamentinin direktoru Takayuki Saitonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Yaponiya Milli Çap Bürosunun fəaliyyəti ilə tanışlıq çərçivəsində təqdimat nümayiş olunub və tərəflər arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Yaponiyanın Milli Çap Bürosu Yaponiyanın dövlət qurumudur və qiymətli kağızların çapı ilə məşğuldur. Bu qurum Yaponiyanın pul nişanları – yapon ieninin çapını, eləcə də bir sıra qiyiətli kağızların, poçt markalarının və rəsmi qəzetin çapını həyata keçirir.
Yaponiyanın Milli Çap Bürosu təqribən 150 il əvvəl, 1871-ci ildə yaradılıb. Həmin vaxta qədər Yaponiya pulları Almaniyada çap edilirdi. Bu qurum yaradılandan sonra isə 1877-ci ildən yaponlar öz pullarını özləri çap edirlər.
Hazırda Yaponiyanın Milli Çap Bürosu əskinasların istehsalı üzrə başqa ölkələrlə də əməkdaşlıq edir, belə ki, onun İndoneziya və Vyetnamla bu barədə müqavilələri var.