Yaponiya qanunvericiliyi ölkə ərazisində xarici Mərkəzi bankların, o cümlədən Rusiya Mərkəzi Bankının saxlanılan qızıl-valyuta ehtiyatlarını müsadirə etməyə imkan vermir.
Eləcə də bax: Yaponiyanın iri bankları “Sberbank” ilə dollar əməliyyatlarını - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki martın 28-də bəyan edib.
“Ümumilikdə bizim qanunvericilikdə, o cümlədən Mərkəzi Bank haqqında qanunda xarici Mərkəzi bankların Yaponiya Bankında saxlanılan valyuta ehtiyatlarını rekvizitləşdirməyə imkan verən müddəa yoxdur”, - deyə nazir bildirib.
Xatırladaq ki, Yaponiyanın hakimiyyət orqanları Rusiya Mərkəzi Bankı ilə əməliyyatları dayandırıb və bu, Yaponiya Bankının həmin ehtiyatları dondurması mənasını verir. Rusiya Mərkəzi Bankının Yaponiya banklarında aktivləri təqribən 33 milyard dollar məbləğində qiymətləndirilir.
Həmçinin Yaponiya hökuməti Rusiyanın rəhbər kadrlarına, məmurlara və biznesmenlərə qarşı sanksiyalar tətbiq edib, “Otkritiye Bank”, “Novikombank”, “Sovcombank”, “VTB”, “Rossiya Bank”, “Promsvyazbank” və “VEB” kimi banklarının aktivlərini dondurub. Rusiya Federasiyasına bəzi mal və texnologiyaların ixracına qadağa qoyub.
Bunun cavabında Rusiya Yaponiyanı “Dost olmayan ölkələr” siyahısına daxil edib. Rusiya XİN Yaponiya ilə Kuril adaları ilə əlaqədar danışıqları davam etdirməkdən imtina edərək, yaponların bu adalara vizasız gedişinə qadağa qoyub.
Qərb ölkələri də fevralın 24-də Rusiyanın Ukraynada xüsusi əməliyyatlara başlaması ilə əlaqədar bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər. (Azərtac)