Yaponiyalı investorlar Azərbaycanın maliyyə sektoruna yatırıma hazırlaşırlar.
FED.az xəbər verir ki, Yaponiyanın maliyyə və investisiya xidmətləri sahəsində ixtisaslaşmış Midas Touch Trade Limited (MTT) şirkətinin nümayəndələri bununla bağlı şəraiti öyrənmək və danışıqlar aparmaq üçün Azərbaycanda səfərdə olub.
Şirkətin rəhbəri Yuichiro Yasuda FED.az-a açıqlamasında bildirib ki, Bakıya səfərin əsas məqsədi xaricdə olan müştərilərin bütün vəsaitlərini Azərbaycanda cəmləşdirməkdir:
«Bakıya gəlişimizin məqsədi Azərbaycanın maliyyə sektorunu Yaponiyada tanıtdırmaqdır. Düşünürük ki, ölkənin maliyyə-biznes sahəsinin inkişafında müsbət rolumuz ola bilər. Ona görə də bu sahəyə yatırım etməyi planlaşdırmışam».
Şirkət rəhbəri bildirir ki, Azərbaycana maliyyə xidmətlərinin habı kimi baxırlar. Belə ki, burada yaradılacaq investisiya şirkətində xaricdə yaşayan şəxslər də hesab aça biləcəklər.
«Maliyyə sahəsində prioritet işimiz xaricdə olan müştərilərimizin bütün vəsaitlərini Azərbaycanda cəmləşdirməkdir. Bu müştərilərə Azərbaycanda yaşayanlar da aiddir. Həmin maliyyə Azərbaycanda olacaq və bundan qazanılan gəliri Azərbaycanın kənd təsərrüfatına yatırmağı düşünürəm. Kənd təsərrüfatı sahəsini həm də regionlarda yeni iş yerlərinin açılması üçün seçmişəm. Xaricdə olan müştərilərimizin Azərbaycan şirkətinə yatırım etməsini daha uyğun bilirik və buna çalışacağıq. Buna görə hər iki sektora – maliyyə və kənd təsərrüfatına maraqlıyıq»-deyə şirkət rəhbəri bildirir.
Şirkətin maliyyə direktoru Raita İnoveni FED.az-a bildirib ki, maliyyə-biznes sahəsində əsas hədəf xarici müştəriləri Azərbaycandakı mərkəzə cəlb etməkdir: «Bura birjada qiymətli kağızlar - səhm, istiqraz və sair alətlərlə əməliyyatlar, eləcə də forex və s. xidmətləri aiddir. Bu prosesin çox sürətli olacağını düşünürük».
FED.az xəbər verir ki, aprelin 5-də Azərbaycan Mərkəzi Bankında Yaponiyanın «MTT» şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə əsas məqsəd Azərbaycanın maliyyə bazarına investisiya yatırımıdır: «Bu işlər çərçivəsində Azərbaycanda müvafiq fondun yaradılması və şirkətini700 min müştərisinin hesablarının Azərbaycan banklarında açılmasıdır»-deyə şirkət təmsilçiləri FED.az-a bildiriblər.
Azərbaycanda yaradılması nəzərdə tutulan şirkət öz müştərilərinə Foreks, səhm və istiqrazların alqı-satqısı xidmətləri göstərəcək.
Görüşdə Mərkəzi Bankın nümaynədələri təklifi dəstəkləyərək dəstək oacaqlarını bildiriblər. Digər tərəfdən, «MTT» şirkətinin planlarına əsasən maliyyə sahəsində əldə edilən vəsaitlərdən kənd təsərrüfatına, Qarabağın bərpasına investisiya edilməsi nəzərdə tutulur. O cümlədən emal və ferma təsərrüfatının yaradılmasına, Yaponiya mədəniyyətinin təbliği məqsədilə çay evi, yapon mətbəxi və oxşar layihələrə də yatırım ediləcək.
Şirkət nümayəndələri FED.az-a bildirib ki, Mərkəzi Bankda keçirilən görüşdə Yaponiyanın bank sektorundakı yeni texnologiyaların və bank təcrübəsinin Azərbaycanda tətbiqi imkanları da müzakirə edilib. Bildirilib ki, bu fəaliyyəti həyata keçirmək üçün ölkəyə yaponi mütəxəssisləri də dəvət ediləcək. Azərbaycan Mərkəzi Bankının təmsilçiləri qonaqlara maliyyə bazarınını tənzimlənməsi üçün qanunvericilikdə yeni dəyişiikliklərin hazırlandığını və mərhələlərlə həyata keçirildiyini bildiriblər.
Yaponiyalı qonaqlar Mərkəzi Bankdan yapon vətəndaşlarının Azərbaycana gəlmədən Azərbaycan banklarında hesab açmasının mümkünlüyü ilə maraqlanıblar, AMB bu prosesə dəstək olacağını bildirib.
Şirkət nümaynədələri FED.az-a bildirib ki, hazırda görüşdə qaldırılan təkliflərlə bağlı AMB ilə rəsmi yazışmialar başlayıb: «İlk addım olaraq Foreks biznesi üçün şirkətin açılması və fəaliyyətə başlaması olacaq».