Xarici İşlər Nazirliyinin 2018-ci ildə saxlanılma xərci açıqlanıb.
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Eləcə də bax: Nazirliyin 4 vəzifəli şəxsi işdən qovuldu - 1 MİLYONLUQ YEYİNTİ
Sənədə əsasən, keçən il dövlət büdcəsində Xarici İşlər Nazirliyinin saxlanılma xərcləri üçün 10 milyon 441,8 min manat ayrılsa da, bu vəsaitin 10 milyon 332,2 min manatı xərclənib. Beləliklə, ayrılan vəsaitin 109,6 min manatı, yəni 1 faizi xərclənməyib və icra səviyyəsi 99 faiz olub.
Keçən il Xarici İşlər Nazirliyinin saxlanılması üçün xərclənən vəsaitin həcmi 2017-ci illə müqayisədə isə 2 milyon 312,1 min manat az olub. 2017-ci ildə Xarici İşlər Nazirliyinin saxlanılma xərci 12 milyon 644,3 min manat təşkil edib. Beləliklə, 2017-ci illə müqayisədə Xarici İşlər Nazirliyinin saxlanılma xərcləri 18,3 faiz azalıb.
“2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.