Azərbaycanın iqtisadi vəziyyəti və valyuta ehtiyatları ona xarici borcunu istənilən vaxt bağlamağa imkan verir.
Eləcə də bax: «Hələ 100 il qaz ixrac edə biləcəyik» - PREZİDENT LAYİHƏLƏRİ AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fevralın 28-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən VI toplantısında bildirib.
Azərbaycanın reallaşdırdığı və ona böyük gəlirlər gətirən neft layihələri barədə məlumat verən prezident bildirib ki, hökumət, həmçinin sərvətlərin ədalətli bölgüsü üzərində fəal işləyir: «Çünki neft hasil edən bir sıra ölkələrdə varlı və yoxsullar arasındakı fərq çox yüksəkdir. Ona görə də bizim əsas məqsədimiz dediyimiz kimi, nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub. Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 4,8 faizə düşməsi faktı onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib».
İlham Əliyev xatırladıb ki, bu müddətdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, valyuta ehtiyatları kəskin artıb: «Bu (yəni iqtisadiyyatın artım göstəricisi – FED.az), dünya rekordudur. Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcu istədiyimiz vaxt bağlaya bilərik».