Birbaşa bank hesabları üzərindən 24/7 rejimli ödənişlərin emalına imkan verən Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində işlər davam etdirilir.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bu fikirləri bu gün Bakıda keçirilən FINTEX Sammitində səsləndirib.
Onun sözlərinə görə, sistemin əhatə dairəsi, texniki dayanıqlılığı və funksionallığı artırılaraq istifadəçilərə daha sürətli və rahat ödəniş imkanları təqdim edilir.
O bildirib ki, 2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin müvafiq dövrü müqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayında 40%-dən çox artım müşahidə olunub. Bu göstəricinin artım dinamikası yaxından izlənilir və növbəti aylarda da müsbət trayektoriyanın davam edəcəyi proqnozlaşdırılır.