Milli Ödəniş Sisteminin əməliyyat həcmi 2021-ci illə müqayisədə 3.1 dəfə artıb.
FED.az xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı bu gün Bakıda keçirilən FINTEX Sammitində səsləndirib.
Professor Vüsal Qasımlı bildirib ki, Milli Ödəniş Sisteminin (MÖS) təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsi əsas prioritetlərdəndir. Onun sözlərinə görə, 2024-cü ildə MÖS üzrə əməliyyatların ümumi həcmi 570.9 milyard manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3.1 dəfə artım deməkdir. Bu artımın 90%-dən çoxu AZİPS sisteminin payına düşüb.
Vüsal Qasımlı həmçinin kibertəhlükəsizlik sahəsində görülən işlərə diqqət çəkərək bildirib ki, Milli Kibertəhlükəsizlik İndeksində Azərbaycanın mövqeyi 177 ölkə arasında 82-ci yerdən 20-ci yerə qədər yüksəlib, ümumi bal isə 93.76-ya çatıb.
Nağdsız ödənişlərin inkişafı mövzusuna toxunan professor qeyd edib ki, 2024-cü ildə ölkədaxili nağdsız kart əməliyyatlarının həcmi 78.9 milyard manata çatıb və bu, 2021-ci illə müqayisədə 6.9 dəfə artım deməkdir. Ölkədə həyata keçirilən ödənişlərin 64.2%-i nağdsız formada icra olunub.
O, elektron ticarət sahəsindəki inkişafı da xüsusi vurğulayıb. 2024-cü ildə elektron ticarət əməliyyatlarının həcmi 66.5 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 69.6% artım deməkdir. Əməliyyat sayı isə 83.4% artaraq 1 milyarddan çox olub.