“Gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Ümumi büdcə xərclərinin 30 faizinə yaxınının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq, digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq”.
“Büdcədə neft gəlirləri azalacaq”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq: “Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Göründüyü kimi, Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirdi.
İqtisadiyyatın diversifikasiyası baxımdan qeyd etmək lazımdır, son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə bənd artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi qeyri-neft-qaz sektorunun payına düşür”.
Deputat iclasda təkliflərini də səsləndirib: “Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca qiymətləndirilməsi, əvvəlki müzakirələrdə qeyd etdiyimiz kimi, subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı.
Nazirləri Kabinetində təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir”.










