2020-ci ildə koronavirus səbəbindən dünya iqtisadiyyatında baş verənlər və neftin qiyməti azalması Azərbaycanda iqtisadi «şok effekti» yaradıb, hökumətin bu vəziyətlə bağlı «B planı» olmayıb.
Eləcə də bax: Hesablama Palatası: Ötənilki iqtisadi geriləmə - 25 İllik Rekordu Yeniləyib
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsi ilə bağlı rəyində bildirilir.
Hesabatda deyilir ki, «Azərbaycanda neftin qiyməti və büdcə xərcləri üzrə bir neçə ssenarinin tətbiq edilməməsi və makroiqtisadi çərçivənin bir variantda hazırlanması iqtisadi şərtlərin pisləşməsi səbəbindən iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirib».
Koronavirus səbəbindən neftin qiymətinin antirekord vurması isə iqtisadiyatda, xarici və daxili tələbdə «şok effekti» yaradıb.
«2020-ci ilin 1-ci rübündə dünya bazarlarında neftə olan tələbin kəskin azalması fonunda hasil olunan neft həcminin artırılması ilə neft qiymətlərində antirekordların izlənməsi, ölkə daxilində yeni növ koronavirus infeksiyasının qeydə alınması ilə mübarizə tədbirlərinə start verilməsi daxili və xarici tələb amillərində şok effekti yaradıb»-deyə sənəddə bildirilir.
Palata bildirir ki, bu halın nəticəsi olaraq əksər proqnoz göstəriciləri və baxılan dövrün sonuna açıqlanmış statistik göstəricilər arasında kənarlaşma kifayət qədər böyük olub.
Baş verənlər səbəbindən, o cümlədən virusla mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin virusun ölkə iqtisadiyyatına ötürdüyü neqativ təsirlərin yumşaldılması, sosial problemlərin həlli məqsədilə büdcə layihəsinə dəyişikliklərin edilməsi labüd olub və ilin ortalarında büdcəyə yenidən baxılması qərarı qəbul edilib.
«Təqdim olunmuş “Büdcə zərfi”nə (dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər) əsasən, 2020-ci il və növbəti üç il üzrə hazırlanmış makroiqtisadi çərçivədə 2020-ci il üzrə iqtisadi artımın 3,0% olacağı proqnozlaşdırılsa da, sonradan real şərtlər nəzərə alınmaqla büdcə layhəsinə dürüstləşmələr zamanı ÜDM üzrə də proqnozlara dəyişiklik edilib, real ifadədə ÜDM-in 5,0% azalacağı proqnozlaşdırılıb. Həmçinin, yenidən baxılma zamanı makroiqtisadi çərçivə üçün mühüm ekzogen parametr olan xam neftin dünya bazar qiyməti 20 vahid azaldılaraq, 35 ABŞ dolları səviyyəsində qərarlaşdırılıb».