Hesablama Palatası 2017-ci il üzrə hesabatını açıqlayıb. FED.az-ın məlumatına görə, yaxın günlərdə hesabat Milli Məclisdə müzakirə ediləcək. Palatanın məlumatına görə, 2017-ci ildə Palataya poçt, elektron poçt, teleqram və faks vasitəsi ilə ümumilikdə 288 vətəndaş müraciəti olub.
Müraciətlərdə vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 % artıb.
Sosial məsələlər ilə bağlı 62 ( 2016-cı il illə müqayisədə 10,7 % çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılmış, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər araşdırmaq üçün aidiyyəti qurumlara göndərilib.
Audit tədbirlərinin keçirilməsi ilə bağlı daxil olmuş müraciətlərə cavab olaraq vətəndaşlara Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılması mümkünsüzlüyü və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə İş planlarında nəzərə alınacağı barədə məlumat verilmişdir .
Həmçinin, daxil olan 54 müraciət üzrə vətəndaşlara müvafiq izahat verilmiş, 205 müraciətdə qeyd edilən məsələlər Hesablama Palatasının fəaliyyətinə aid olmadığı üçün aidiyyəti təşkilatlara göndərilmiş və bu barədə müraciət edənlərə yazılı məlumat verilmiş, 6 müraciət müvafiq qaydada həll edilmiş, 23 müraciət isə anonim və məlumat xarakterli olduğu üçün baxılmamış saxlanılmışdır. Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Hesablama Palatasına daxil olan müraciətdən 83-ü eyni məzmunlu təkrar müraciətlərdir.