Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanaraq Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Prezident 2023-cü il dövlət büdcəsi haqqında Qanunu - TƏSDİQLƏYİB
Nazirlikdən FED.az-a verilən məlumata görə, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.
Büdcə olduqca mürəkkəb və xüsusi bilik tələb edən bir maliyyə sənədi olduğundan onun strukturu ilə bağlı məlumatlar ilkin baxışda sadə vətəndaşlar üçün anlaşılan olmaya bilər. Belə ki, büdcə sisteminə daxil olan büdcələrin tərtibi, onların gəlir və xərclərinin, kəsirinin strukturu, gəlirlərin formalaşma mənbələri, xərclərin istifadə istiqamətləri və kəsirinin maliyyələşmə mənbələri üzrə çoxsaylı məlumatların təhlili xeyli vaxt tələb edir.
Bu baxımdan əhalinin büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi, 2023-cü ilin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin strukturu, büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı qısa və asan anlaşılan məlumatlarla təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Vətəndaşın büdcə bələdçisi” vətəndaşların ixtiyarına verilir. Bu məlumat toplusu vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq.
“2023-cü ilin dövlәt büdcәsi dünyada mövcud olan geosiyasi gәrginlik fonunda yaranmış yeni iqtisadi çağırışlara vә Böyük Qayıdışın tәlәblәrindәn meydana çıxan reallıqlara әsaslanır. Bu siyasәtә uyğun olaraq, növbәti ildә işğaldan azad olunmuş әrazilәrin minalardan tәmizlәnmәsi, zәruri infrastrukturun yaradılması işlәrinin daha da sürәtlәndirilmәsi, şәhәr vә rayonlarımızın bәrpası әsas prioritetlәrdәn biridir. Eyni zamanda, ordumuzun müdafiә qabiliyyәtinin daha da möhkәmlәndirilmәsi, dövlәt sәrhәd xәtlәrinin bәrpası vә qorunması, milli tәhlükәsizlik tәdbirlәrinin, vәtәndaşların layiqli vә keyfiyyәtli hәyat şәraitinin tәmin edilmәsi büdcәnin әsas xәrc prioritetini tәşkil edәcәkdir”, - deyə bələdçinin ön sözündə bildirilir.
Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Bələdçi ilə BU LİNK vasitəsilə tanış ola bilərsiniz.