2018-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 11 045 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3% çoxdur.
FED.az xəbər verir ki, müraciətlərin 90,3%-i ərizə, 9,6%-i şikayət, 0,1%-i isə təklif xarakterli olub, 50 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Müraciətlər müxtəlif arayışların alınması, kameral vergi yoxlamaları, vergi borcları, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, vergi qanunvericiliyinin tətbiqi, səyyar vergi yoxlamaları, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), operativ vergi nəzarəti, korrupsiya hüquqpozmaları və digər məsələlərlə bağlı olub.
Daxil olmuş müraciətlərdən 80,3%-i tam, 0,2%-i qismən həllini tapıb, 17,7%-i barədə müvafiq izahatlar verilib, 0,7%-i baxılmamış saxlanılıb, 0,7%-i əsassız sayılıb, 0,4%-i aidiyyəti üzrə göndərilib, 0,1%-i ilə bağlı icraata xitam verilib. Müsbət həll olunmuş müraciətlərin 56%-i müxtəlif arayışların alınması, 24%-i kameral vergi yoxlamaları, 9,9%-i vergi borcları, qalanları isə digər məsələlərlə bağlı olub.
Ay ərzində vergi orqanlarının aidiyyəti struktur vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 438 vətəndaş qəbul edilib.