Vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin (VN) İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov şərh bildirib.
O qeyd edir ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib. Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub: “Bizim idxalda böyük problemlərimiz “karqo şirkəti” adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər”.
Eləcə də bax: Azərbaycanda işçinin 1 saatına düşən gəlir: Kim nə qədər alır? - SİYAHI
Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb. Həmin şirkətlər yalnız daşıma ilə məşğuldurlar: “Onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir və beləliklə, bazara sənədli mal daxil olur. Beləliklə, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların sənədləşməsinə ciddi diqqət yetirilir, bu da, təbii ki, dövriyyələrdə öz əksini tapır”.