Vergi Məcəlləsinə (16.1.11-6.1-ci - 16.1.11-6.3-cü maddələr) elektron qaimə-faktura ilə bağlı bəzi dəyişikliklər edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, dəyişikliyə əsasən, vergiödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq, 2019-cu il yanvarın 1-dən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsinə görə alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxacaq.
Həmin şəxslər tərəfindən göstərdikləri iş və xidmətlərə görə alıcılara qəbz və digər ciddi hesabat blankları təqdim edilir.