Azərbaycanda audit sahəsində peşəkar kadr çatışmazlığı müşahidə olunur.
Azərbaycanda məxfi auditlərlə 3 milyon manata yaxın vəsait büdcəyə geri qaytarılıb
FED.az xəbər verir ki, bunu Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirib.
Onun sözlərinə görə, problem peşəyə marağın zəifliyi, təcrübəli auditorların azlığı, beynəlxalq sertifikatlara malik kadrların sayının məhdudluğu və əmək miqrasiyası ilə bağlıdır.
"Audit sahəsində peşəkar kadr çatışmazlığının aradan qaldırılması məqsədilə ali təhsil müəssisələri ilə Auditorlar Palatası arasında əməkdaşlığın gücləndirilməsini, iqtisadiyyat, maliyyə və mühasibatlıq üzrə tədris proqramlarına audit fənlərinin daha geniş inteqrasiyasını, universitetlərdə seminarlar, master-klasslar və praktiki təlimlərin təşkilini, tələbələr üçün təcrübə proqramları və karyera mərkəzləri ilə birgə fəaliyyətin təşviqini təklif edirik.
Bununla yanaşı, gənc auditorlar üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, sertifikat imtahanlarına hazırlıq kurslarında güzəştli iştirak imkanlarının yaradılması, ödənişli təcrübə proqramlarının təşkili (3-6 ay müddətində), mentor dəstəyi ilə bacarıqların inkişafı, peşənin gənclər arasında təbliği məqsədilə sosial şəbəkələrdə uğur hekayələri, maarifləndirici videolar və “Auditor peşəsini tanıyaq” layihələrinin həyata keçirilməsi lazımdır", - deyə sədr qeyd edib.
O, həmçinin deyib ki, Palata beynəlxalq sertifikatların dəstəklənməsini, ACCA, CPA, CIA və digər beynəlxalq sertifikatlar üzrə təlimlərə dəstək mexanizmlərinin yaradılmasını, auditor təşkilatları ilə birgə beynəlxalq sertifikatlaşdırma proqramlarının həyata keçirilməsini, kiçik və orta sahibkarlıq subyektləri üçün audit xərclərinə subsidiya mexanizmlərinin tətbiqini təklif edir.
"Bu tədbirlərin kompleks şəkildə icrası auditor peşəsinin nüfuzunun artırılmasına, gənclər üçün cəlbedici karyera imkanlarının yaradılmasına və bütövlükdə milli audit sisteminin dayanıqlığının gücləndirilməsinə töhfə verəcək", - deyə V.Novruzov əlavə edib. (Report)