Azərbaycanda auditor fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər hazırlanır.
Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib”
FED.az xəbər verir ki, bunu Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirib.
Onun sözlərinə görə, “Auditor xidməti haqqında” qanunun tələblərinə uyğun olaraq, Palata ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini təşkil edir, normativ hüquqi aktların layihələrini hazırlayır və bu sahənin inkişafı ilə bağlı tədbirlər həyata keçirir.
“Hazırda Auditorlar Palatası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə üzərində işləyir. Bu dəyişikliklər məcburi auditdən yayınan sahibkarlara qarşı cərimələrin artırılmasını nəzərdə tutur. Yeni yanaşma cərimələrin daha təsirli və çəkindirici olmasını hədəfləyir. Məcburi auditdən yayınma halları təkcə şəffaflığın pozulması deyil, həm də korrupsiya və digər riskli halların yaranmasına səbəb ola bilər”, - deyə sədr qeyd edib.
O əlavə edib ki, qanuna təklif edilən digər dəyişikliklər auditor fəaliyyətinə qoşulmaq imkanlarını genişləndirəcək, müvafiq təcrübəyə malik digər ixtisas sahiblərinə də auditor kimi fəaliyyət göstərmək imkanı yaradılacaq: “Bu, auditor bazarının genişlənməsinə, rəqabətin artmasına və nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Yeni tələblərə əsasən, auditor təşkilatlarında əsas iş yeri olmaqla azı iki auditor fəaliyyət göstərməli və təşkilat rəhbəri yalnız həmin qurumun auditoru olmalıdır. Bu yanaşma daxili idarəetmənin səmərəliliyini və məsuliyyət bölgüsünü daha dəqiq müəyyən etməyə imkan verəcək. Qanunvericilik dəyişiklikləri ilə yanaşı, keyfiyyət idarəetmə sistemlərinin gücləndirilməsi də nəzərdə tutulur. Buraya strukturun və vəzifə bölgüsünün dəqiqləşdirilməsi, resursların effektiv idarə olunması və rəhbərliyin keyfiyyətə görə tam məsuliyyət daşıması daxildir”.
V.Novruzov qeyd edib ki, Palata dempinq və haqsız rəqabətə qarşı mübarizə, icazə və lisenziya sisteminin təkmilləşdirilməsi, xidmətlərin əlçatanlığının artırılması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində də qanunvericilik təşəbbüsləri üzərində işləyir. (Report)