"Unicapital İnvestisiya Şirkəti" QSC METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək.
FED.az xəbər verir ki, bu barədə Şirkətin baş meneceri Heydər İbrahimli bildirib.
“Bakı Fond Birjasında METAK MMC-nin istiqrazlarının yerləşdirilməsi zamanı sifarişlər 8 investor tərəfindən təqdim edildi və istiqrazlar nominal qiymətlə tam həcmdə yerləşdirildi. İnvestorlar tərəfindən METAK istiqrazlarına tələbin əhəmiyyətli dərəcədə artması, istiqrazların təkrar bazar və repo əməliyyatlarına da marağın yüksək olacağını deməyə əsas verir. Bu əməliyyatlar istiqrazların yerləşdirmə üzrə anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC tərəfindən həyata keçiriləcək. İnvestorlar tərəfindən istiqrazlara tələbatın yüksək olmasının əsas səbəblərindən biri də istiqrazların likvid və şərtlərin münasib olmasıdır. Unibank və METAK-ın təminatçı olduğu və yerli fond bazarında yüksək gəlirlik ilə təklif edilən istiqrazlar investorlar üçün əlverişli investisiya aləti hesab edilir”, - H.İbrahimli qeyd edib.
Qeyd olunanlarla yanaşı, istiqrazlara olan tələbin artması, qiymətli kağızlar bazarına olan inamın da göstəricisidir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən qiymətli kağızlar bazarının inkişafına dair aparılan siyasətin və bazarın infrastrukturunun təkmilləşdirilməsinin nəticəsi olaraq, emitent və investorlar MBNP-yə və investisiya şirkətlərinə sərbəst şəkildə müraciət edib məlumatlandırıla bilər. Bu da, öz növbəsində, qiymətli kağızların MBNP-da qeydiyyat və daha sonra Bakı Fond Birjasında yerləşdirmə proseslərinin anlayışını əhəmiyyətli dərəcədə asanlaşdırır.
METAK istiqrazları üzrə baş tutan yerləşdirmə qiymətli kağızlar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq, Bakı Fond Birjasının universal və yüksək sürətli ticarət imkanları yaradan platforması vasitəsilə kütləvi təklif olub. Bu isə ticarətin ədalətli, təhlükəsiz təşkili üçün şərtlər yaradır və investor bazasının genişlənməsinə müsbət təsir göstərir.
Xatırladaq ki, həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.