Kapital bazarının inkişafında AMB-nin xüsusi rolu var.
FED.az xəbər verir ki, Mərkəzi Bankın Kapital Bazarı Siyasəti və Tənzimlənməsi Departamentinin direktoru Umeyra İbrahimova Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı Mərkəzi Bankın kapital bazarının inkişafına xüsusi önəm verdiyini bildirib.
Onun sözlərinə görə, AMB-nin qəbul etdiyi strategiyada kapital bazarları mühüm yer tutur. Umeyra İbrahimova qeyd edib ki, Mərkəzi Bank meqa tənzimləyici kimi həm pul siyasətini həyata keçirir, həm də kapital bazarları, banklar, ödəniş sistemləri və sığorta şirkətləri daxil olmaqla geniş bir sektora nəzarət funksiyasını icra edir.
O, vurğulayıb ki, bu gün bankların dominant olduğu bir şəraitdə, bank sistemində olmayan bəzi maliyyə resursları kapital bazarlarına yönləndirilir. Bu istiqamətdə Mərkəzi Bankın rolunun xüsusi olduğunu diqqətə çatdırıb.
İnvestorların bu sistemin düzgün və effektiv işləməsində əsas element olduğunu deyən Umeyra İbrahimova bildirib ki, investorlar fərqli kateqoriyalara bölünür: institusional, peşəkar və fərdi investorlar. “İnstitusional və peşəkar investorların kifayət qədər resurs və komandası var ki, onlar investisiyanı qiymətləndirə, riskləri analiz edə bilirlər. Lakin fərdi investorlar arasında məlumatlılığın az olması onların bazara cəlb edilməsini çətinləşdirir”, – deyə qeyd edib.
Bu çətinliklərin aradan qaldırılması üçün Mərkəzi Bankın müxtəlif tədbirlər həyata keçirdiyini bildirən İbrahimova, xüsusilə qanunvericilik çərçivəsinin beynəlxalq təcrübəyə və yerli bazar tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
“Bizim əsas funksiyamız odur ki, investorlar kapital bazarında rahat və problemsiz şəkildə fəaliyyət göstərə bilsin. Onların bütün riskləri ölçə bilməsi üçün lazım olan məlumatlar əlçatan olmalıdır. Bu istiqamətdə yeni qanunvericilik layihəsi üzərində iş aparılır”, – deyə o bildirib.
Maliyyə savadlılığının artırılması da prioritet istiqamətlərdən biri kimi göstərilib. Umeyra İbrahimova qeyd edib ki, bu sahədə keçirilən tədbirlərin miqyası maliyyə vasitəçilərindən – investisiya şirkətləri, banklar və portfel idarəçilərindən – birbaşa asılıdır. Onun fikrincə, investor qərarlarını müstəqil verməli, lakin qərarların şəffaf və dolğun informasiya əsasında qəbul edilməsi üçün bütün imkanlar yaradılmalıdır. Bu məqsədlə minimum məlumat açıqlama tələbləri də Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Sonda Umeyra İbrahimova ümidvar olduğunu bildirib ki, investorlar ABŞ və digər xarici bazarlara deyil, yerli bazara yönəlik investisiyalara üstünlük verəcəklər: “Mən hazırda yerli investorlara diqqət yetirmək istəyirəm. Onlar qərar qəbul etməzdən əvvəl yerli bazarı təhlil etməlidirlər. Bizim əsas hədəfimiz həm emitentlərin, həm də investorların yerli bazarda daha aktiv iştirak etməsidir”.