Hər bir təşkilatın və ya maliyyə qurumunun davamlı fəaliyyəti üçün onun maliyyə göstəriciləri ilə bağlı aparılmış audit yoxlamasına dair verilən audit rəyi çox vacib sənəd sayılır. Bu sənəd şirkətin, müəssisə və təşkilatın taleyini həll edir. Saxta audit rəyi isə istənilən maliyyə təşkilatını 1-2 il ərzində müflis vəziyətinə gətirib çıxa bilir. Sirkətin maliyyə göstəriciləri ilə bağlı saxta (yalan) audit rəyinin verilməsi ciddi hüquqi və iqtisadi nəticələrə də səbəb ola bilir.
Bu risklərlə qarşılaşmamaq üçün müəssisə və təşkilatlar audit şirkətini seçərkən daha ciddi şirkətlərə önəm verməlidirlər.
Bəs audit şirkəti seçərkən hansı vacib məqamlara diqqət yetirilməlidir?
İlk növbədə audit şirkətinin hüquqi statusu və lisenziyası yoxlanmalıdır. Şirkət Azərbaycan Auditorlar Palatasında qeydiyyatda olmalı və audit fəaliyyəti üçün qüvvədə olan rəsmi lisenziyaya malik olmalıdır. Bu, audit rəyinin etibarlılığı və hüquqi qüvvəsi baxımından əsas şərtdir.
Audit şirkətinin peşəkar komandaya və kifayət qədər təcrübəyə malik olması da mühüm amildir. Həmçinin müəssisə və ya təşkilatın maliyyə yoxlamasını aparacaq auditorların müvafiq beynəlxalq və yerli sertifikatlara sahib olması da diqqət yetirilməli məqamlardan biridir. Audit prosesinin beynəlxalq və yerli standartlara uyğun aparılması da vacibdir. Şirkət Beynəlxalq Audit Standartlarına əsasən işləməli, BMHS (IFRS) və Azərbaycan qanunvericiliyini yaxşı bilməlidir. Aydın və sənədləşdirilmiş audit metodologiyasının olması peşəkarlığın göstəricisidir.
Hansı hallarda audit müstəqilliyi pozula bilər?
Eyni və ya oxşar sahədə fəaliyyət göstərən müəssisələrlə işləmək təcrübəsi olan auditorlar riskləri daha düzgün müəyyən edə bilirlər. Məhz buna görə də seçilən audit şirkətinin müstəqilliyi və obyektivliyi xüsusi diqqət tələb edir. Audit şirkəti mühasibat uçotunun aparılmasında birbaşa iştirak edirsə və ya şirkətlə digər maliyyə maraqları mövcuddursa, audit müstəqilliyi pozula bilər. Bu halda təqdim olunan rəyin obyektivliyinə şübhə yarana bilər. Yaxşı audit yalnız rəy verməklə kifayətlənmir, eyni zamanda aşkar edilmiş risklər və çatışmazlıqlar barədə izahat və tövsiyələr təqdim edir.
Ucuz ətin şorbası olmaz …
Audit yoxlamasında qiymət məsələsində ucuz təklifə üstünlük vermək düzgün yanaşma deyil. Təəssüf ki, hazırda ölkədə fəaliyyət göstərən bəzi şirkətlər daha ucuz qiymətə audit şirkətləri axtarırlar. Bu isə şirkəti uçuruma aparır. Təcrübə göstərir ki, çox aşağı qiymət auditin keyfiyyətinə də mənfi təsir göstərə bilər. Qiymət, xidmətin həcmi və keyfiyyəti arasında balans olmalı, müqavilədə xidmətin əhatə dairəsi, tərəflərin məsuliyyəti və məxfilik şərtləri açıq şəkildə göstərilməlidir.
Saxta audit rəyi şirkət üçün hansı mənfi nəticələr yarada bilər?
Saxta audit rəyi şirkət üçün çox ciddi hüquqi, maliyyə və reputasiya riskləri yarada bilər və bu təsirlər qısa müddətli deyil, uzunmüddətli və dağıdıcı xarakter daşıya bilər. Belə bir rəy şirkətin maliyyə vəziyyəti barədə yanlış təsəvvür formalaşdırdığı üçün qərar qəbuletmə proseslərinə birbaşa mənfi təsir göstərir.
İlk növbədə hüquqi nəticələrə diqqət yetirmək lazımdır. Saxta audit rəyi təqdim edildiyi aşkarlandıqda şirkət Azərbaycan qanunvericiliyinə əsasən inzibati və hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. Vergi orqanları, Mərkəzi Bank, Auditorlar Palatası və digər nəzarət qurumları tərəfindən yoxlamalar aparıla, şirkətə cərimələr tətbiq oluna, fəaliyyətinin məhdudlaşdırılması və ya ləğvi ilə nəticələnə bilər. Rəhbər şəxslər üçün də şəxsi məsuliyyət və vəzifədən kənarlaşdırılma riski yaranır. Maliyyə baxımından saxta audit rəyinin təsiri daha da ağır ola bilər. Belə rəy əsasında verilən səhv idarəetmə qərarları şirkətin zərərə düşməsinə, səhv investisiyalara və ya real maliyyə problemlərinin gizli qalmasına səbəb olur. Banklar və maliyyə institutları audit rəyinə etibar etdiyindən, saxtakarlıq aşkarlandıqda kredit xətləri bağlana, mövcud borclar vaxtından əvvəl geri tələb oluna bilər. Bundan əlavə, potensial investorlar və tərəfdaşlar maliyyə hesabatlarına olan etimadını tamamilə itirir.
Etimadı azaldır, reputasiyanı bərpa etmək olmur...
Saxta audit rəyinin ifşası şirkətin bazardakı nüfuzuna ciddi zərbə vurur, müştərilərin, tərəfdaşların və dövlət qurumlarının etimadını sarsıdır. Xüsusilə beynəlxalq tərəfdaşlarla işləyən şirkətlər üçün bu, bazardan kənarlaşdırılma və müqavilələrin ləğvi ilə nəticələnə bilər. Əlavə olaraq, daxili idarəetmə və korporativ nəzarət sistemi də zərər görür. Saxta audit rəyinə güvənən rəhbərlik real riskləri və zəiflikləri vaxtında görə bilmir, bu isə daxili nəzarət mexanizmlərinin zəifləməsinə, sui-istifadə hallarının artmasına və uzunmüddətli maliyyə problemlərinə yol açır.
Nəticə etibarilə, saxta audit rəyi qısamüddətli olaraq “problemi gizlətmək” təsiri yaratsa da, orta və uzunmüddətli perspektivdə şirkət üçün hüquqi sanksiyalar, maliyyə itkiləri, reputasiya itkisi və fəaliyyətin dayandırılması kimi çox ağır nəticələrə səbəb ola bilər. Buna görə də audit şirkətinin seçimi və audit prosesinin şəffaflığı strateji əhəmiyyət daşıyır.
FED.AZ TƏHLİL QRUPU










