Türkiyə Rəqabət Şurası tərəfindən “Mastercard” və “Visa” beynəlxalq ödəniş sistemləri ilə bağlı araşdırma aparılır.
FED.az xəbər verir ki, bu araşdırmaya Türkiyənin ödəniş sistemlərinin xaricdə fəaliyyətini məhdudlaşdırmaq cəhdləri ilə bağlı şikayətlər səbəb olub.
Şuranın məlumatına görə, Türkiyə ödəniş sistemləri xarici tərəfdaşlarla bağlanmış ikitərəfli müqavilələr vasitəsilə yerli istehlakçılara xaricdə mal və xidmətlərin haqqının ödənilməsi imkanı yaradır. Bu model “Mastercard” və “Visa” xidmət sistemlərindən yan keçməyə imkan verir.
Məlumatda qeyd olunub: “Türkiyə Rəqabət Şurasının mütəxəssisləri “Mastercard” və “Visa” şirkətlərinin cari ödəniş sxemlərinə əməl edilməməsi bəhanəsi ilə ikitərəfli müqavilələrin icrasını əngəlləmək cəhdlərini müəyyən ediblər. Məlum olub ki, hər iki beynəlxalq sistem ikitərəfli razılaşma modelinə uyğun olaraq ödənişləri qəbul edən banklara təzyiq göstərir”.
Şuradan bildirilib ki, ətraflı araşdırma problemin tam mənzərəsini ortaya çıxaracaq. (Azərtac)